“Naxçıvan” Universiteti Türkiyə Təqaüd Proqramı çərçivəsində əməkdaşlığı genişləndirir
Naxçıvan, 5 fevral, AZƏRTAC
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Beynəlxalq Dairə Başkanlığı koordinatoru Engin Vural və Mədəniyyət, Sosial İşlər Dairə Başkanlığı koordinatoru Sevilay Yıldırım Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində “Naxçıvan” Universitetində olublar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva qonaqlara universitetin yaranması, fəaliyyəti və mütəxəssis hazırlığı barədə məlumat verib. Qeyd edib ki, 1999-cu ildən fəaliyyətə başlayan “Naxçıvan” Universiteti Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qayğısı sayəsində müasir universitet şəhərciyinə malik bu ali təhsil ocağı hazırda dünyanın 50-dən artıq universiteti ilə əməkdaşlıq edir.
Qonaqlar ali təhsil ocağında yüksək qonaqpərvərliklə qarşılandıqlarına görə minnətdarlıqlarını bildiriblər.
Türkiyə Respublikası Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin koordinatorları “Türkiyə təqaüd” Proqramı haqqında məlumat verərək qeyd ediblər ki, bu, tələbə və tədqiqatçılara Türkiyənin ən tanınmış universitetlərində təqaüd təhsili və tədqiqat imkanı verən hərtərəfli və dövlət tərəfindən dəstəklənən rəqabətli bir təqaüd proqramıdır. Proqrama bakalavr, magistr, doktorantura və tədqiqat proqramları üzrə internet üzərindən 8 dildə müraciət ünvanlamaq mümkündür.
Sonra qonaqlar universitet şəhərciyi ilə tanış olublar.