REGİONLAR
Naxçıvanda poçt bağlamalarının ünvana çatdırılması asanlaşdırılır
Naxçıvan, 25 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi internet üzərindən alış-verişin - elektron ticarətin inkişafına yönəlmiş mühüm layihələr icra edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu layihələrdən biri də “Naxçıvanpoçt” publik hüquqi şəxsin elektron ticarət sifarişlərinin çatdırılmasını asanlaşdırmaq məqsədilə muxtar respublika ərazisində “Azərpoçt” MMC ilə birgə postamatların quraşdırılması layihəsidir. Bu yeni layihənin məqsədi Naxçıvanın müasir poçt və logistika xidmətlərini daha da gücləndirmək və müştəri məmnuniyyətini artırmaqdır.
Postamatların tətbiqi, internet alış-verişinin populyarlaşdığı bir dövrdə müştərilərə yeni rahatlıq səviyyəsi təqdim edir. Muxtar respublikada quraşdırılacaq xüsusi postamatlar vasitəsilə vətəndaşlar öz bağlamalarını rahatlıqla əldə edəcəklər. E-ticarət istifadəçiləri, həmçinin çatdırılma zamanı ünvan dəyişiklikləri və ya çatdırılma problemləri ilə bağlı narahat olmadan sifarişlərini götürə biləcəklər.
Gələcəkdə “Naxçıvanpoçt”un postamat şəbəkəsinin genişlənməsi, poçt və logistika sahəsində daha müasir və sürətli xidmətlərin təqdim olunmasını təmin etməklə yanaşı, e-ticarətin inkişafına da mühüm dəstək olacaq. Bu cür texnologiyaların daha geniş yayılması, Naxçıvanın rəqəmsal inkişafını daha da irəlilədəcək və əhalinin həyat səviyyəsini artıracaq.
Qeyd edək ki, postamatlar istifadəçilərə elektron ticarət sifarişlərini rahat və təhlükəsiz şəkildə almağa imkan verən avtomatlaşdırılmış terminal olmaqla alternativ çatdırılma kimi nəzərdə tutulub və 24/7 rejimdə işləyə bilir. Postamatların köməyilə vətəndaşlar bağlama və ya məktublarını poçt əməkdaşının iştirakı olmadan sərbəst şəkildə götürə biləcəklər.