Naxçıvanlı tədqiqatçılar beynəlxalq müsabiqədə diploma layiq görülüblər
Naxçıvan, 4 fevral, AZƏRTAC
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, institut əməkdaşlarından Turan Həşimova və Elmar Baxşəliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “Mərkəzi Asiyanın qədim və orta əsr mədəniyyətləri (şəhərləşmə və maldar cəmiyyətlərin təşəkkülü, inkişafı və qarşılıqlı əlaqəsi)” mövzusunda beynəlxalq onlayn konfransda iştirak ediblər.
Akademiyanın Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun, Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin, Şərq Əlyazmaları İnstitutunun və Dövlət Ermitajının birgə təşkilatçılığı ilə keçirilən konfransda Naxçıvanın qədim dövr arxeologiyası ilə bağlı ən son elmi yeniliklər beynəlxalq elmi ictimaiyyətə təqdim olunub. Bölmənin əməkdaşları Naxçıvan arxeologiyası ilə bağlı çoxsaylı sualları da cavablandırıblar.
Konfransın təşkilat komitəsi tərəfindən professor Vəli Baxşəliyevin “Naxçıvanın Neolit mədəniyyətinin Orta Şərqlə əlaqələri” və dosent Zeynəb Quliyevanın “Naxçıvanın Eneolit mədəniyyətinin Yaxın Şərqlə əlaqələri” adlı məqalələrinin elmi əhəmiyyəti nəzərə alınaraq Ümumrusiya Elmi Tədqiqatlar Cəmiyyəti tərəfindən Moskva şəhərində keçirilən müsabiqəyə təqdim edilib.
Elmi-tədqiqat işlərinin 31-ci beynəlxalq müsabiqəsində uğurla iştirak edən alimlər sertifikatla mükafatlandırılıblar. 518 tədqiqatçının iştirak etdiyi müsabiqədə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının təqdim etdiyi hər iki məqalə maraqla qarşılanıb və onlar arxeologiya üzrə məqalələr nominasiyasında II dərəcəli diplomla təltif olunublar.