SİYASƏT
Nazir: Ermənistanın və Azərbaycanın konstitusiyalarında paralellik aparılması cəhdləri qəbuledilməzdir
![Nazir: Ermənistanın və Azərbaycanın konstitusiyalarında paralellik aparılması cəhdləri qəbuledilməzdir](/files/2024/2/1200x630/171758320050323783_1200x630.jpg)
Bakı, 5 iyun, AZƏRTAC
Məlumdur ki, Ermənistanın Konstitusiyasında, Müstəqillik Aktında, parlamenti tərəfindən qəbul olunan qanunvericilik aktlarında, Konstitusiya Məhkəməsinin qərarlarında və bir sıra digər qanunvericiliyində qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistan cəmiyyətində artıq bu barədə diskussiyaların aparılması o anlama gəlir ki, Ermənistan dövləti və cəmiyyəti bu faktların mövcudluğunun ilk növbədə bu ölkənin özü üçün təhlükəli və zərərli tendensiyalar olmasını qəbul edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
Nazir qeyd edib ki, Ermənistan xarici işlər nazirinin müəyyən mənada Azərbaycan ilə Ermənistan arasında bu məsələdə bir paralellik, qarşılıqlılıq yaratmaq cəhdi, ilk növbədə, həqiqətdən uzaqdır və qəbuledilməzdir. Azərbaycanın Əsas Qanununda və istənilən digər qanunvericilik aktlarında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Ona görə burada paralellik aparmağa cəhdlər edilməsi qəbulolunmazdır.
“Biz bu kimi iddiaları hər zaman əsaslı şəkildə, faktlar əsasında rədd etmişik və belə tendensiyaların inkişaf etməsinə imkan verməmişik. Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz və burada paralelliyə yer yoxdur”, - deyə Ceyhun Bayramov bildirib.