REGİONLAR
NDU-nun İngilis dili Təmayüllü Gimnaziyasında 60 şagird təhsil alacaq
Naxçıvan, 2 sentyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti nəzdində İngilis dili Təmayüllü Gimnaziyaya qəbul olan şagirdlərin valideynləri ilə görüş keçirilib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev Prezident İlham Əliyevin təsdiq etdiyi 2023-2027-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində yaradılan Kembric məktəbi və Gimnaziyanın önəmindən bəhs edib. Gimnaziyanın perspektivlərindən danışan rektor şagirdlərin əldə edəcəyi imkanlara toxunub. Qeyd olunub ki, şagirdlər xaricdən dəvət edilən mütəxəssislərin təcrübəsindən faydalanacaqlar. Gimnaziyada 2 proqram üzrə hazırlıq aparılacaq, Kembric təcrübəsi tətbiq olunacaq.
İngilis dili Təmayüllü Gimnaziyanın direktoru Nazim Rəhimov diqqətə çatdırıb ki, 233 şagirdin iştirak etdiyi imtahanda 30 qız və 30 oğlan olmaqla, ümumilikdə 60 şagird gimnaziyada təhsil almaq hüququ qazanıb. Bildirilib ki, diaqnostik qiymətləndirmə zamanı yüksək nəticə göstərən müəllimlərin Kembric məktəbi və gimnaziyada tədrisinin təşkili həyata keçiriləcək.
Görüşdə valideynlərə şagirdlərin 2024-2025-ci tədris ili üçün dərs saatları, geyim forması, nizam-intizam qaydaları, yataqxana və qidalanma haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, gimnaziyada tədrisin ikinövbəli aparılması nəzərdə tutulub. Bundan başqa, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman, film və oxu saatları təşkil olunacaq, onlar futbol, basketbol, tennis kimi müxtəlif idman növlərindən və açıq idman qurğularından istifadə edə biləcəklər.
Sonra gimnaziyanın tanıtım videoçarxı izlənib.
Sonda valideynlər sinif otaqları, laboratoriyalar, yeməkxana və yataqxanada yaradılan şəraitlə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.