Neftçala rayon sakinini qəsdən öldürməyə cəhd edən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 1 iyul, AZƏRTAC
Martın 15-də Neftçala rayon sakini Leyla Səfərovanın qəsdən öldürülməsinə cəhd göstərilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Neftçala Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Rövşən Piriyevin həmin tarixdə saat 15 radələrində Leyla Səfərovanın küçədə piyada hərəkətdə olduğunu görüb sonuncunun oğlunun gözü qarşısında müstəsna qəddarlıq nümayiş etdirməklə ətrafda şəxslərin olmasına məhəl qoymayaraq ictimai qaydanı kobud surətdə pozub xuliqanlıq niyyəti ilə bıçaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd göstərdiyi müəyyən edilib. Həmçinin istintaqla Rövşən Piriyevin əvvəllər Leyla Səfərovanı öldürməklə hədələməsi, ictimai yerdə onu döyməsi də müəyyən olunub.
Rövşən Piriyev Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.