İQTİSADİYYAT
Neftin bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsirləri pozitiv xarakter daşıyır - ŞƏRH
Bakı, 7 sentyabr, AZƏRTAC
Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarını keçə bilər. “Azeri Light” markalı neftin bir bareli bu günə olan məlumata görə 94 ABŞ dollarından baha satılır.
Neftin qiymətinin artmasının Azərbaycan iqtisadiyyatına təsirləri pozitiv xarakter daşıyır. Ölkənin ixracının 92.01 faizini neft və qaz təşkil etdiyindən qara qızılın bahalaşması ölkənin milli gəlirinin artması anlamına gəlir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov bildirib. Ekspert qeyd edib ki, neftin qiymətinin bahalaşması 6 ayda olan 10 milyardlıq xarici ticarət profisitinin daha da artması deməkdir. Təsəvvür edin əgər bu rəqəm 6 ayda 10 milyard idisə, neftin qiymətinin artması fonunda bu rəqəm daha böyük səviyyələrə çata bilər.
Onun sözlərinə görə, neftin qiymətinin artması hökumətin yenidən büdcə xərclərinə baxması ilə nəticələnə bilər və yaxud da gələn ilin büdcəsi üçün xərclərini artıra bilər. Bu da özünü investisiya xərclərinin artırılmasında, yəni qeyri-neft sektoruna qoyulan investisiyaların, müdafiə, təhlükəsizlik xərclərinin, təqaüdlərin, müavinətlərin, əməkhaqqılarının artırılmasında göstərəcək.
Samir Heydərov əlavə edib ki, neftin qiymətinin artması ölkənin xarici ticarət dövriyyəsini artırır. Misal olaraq 2022-ci ilin yekunları ilə bağlı Dövlət Gömrük Komitəsinin açıqlamalarına görə Azərbaycanın xarici ticarət dövriyyəsi 52 milyard 686 milyon dollar olub. 2021-ci ildə bu rəqəm 33 milyard 912 milyon idi. Ekspertin fikrincə, 2021-ci ilə nəzərən 2022-ci ildə xarici ticarət dövriyyəsi 55 faiz artıb. 2023-cü ildə enerji qiymətlərinin artım tendensiyası davam edir.
S.Heydərov vurğulayıb ki, bu ildə də xarici ticarət dövriyyəsinin yuxarı səviyyələrdə olacağını söyləmək olar. 2022-ci ildə ixrac 38 milyard ABŞ dolları təşkil etmişdi. 2023-cü ilin ilk 6 ayında isə bu rəqəm 18 milyard ABŞ dollarıdır.
Qeyri-neft ixracı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.6 % artaraq 1.8 milyard ABŞ dolları təşkil edib.