NİDERLANDDA “AZƏRBAYCAN GECƏSİ” KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Dircəliş və Konstitusiya günləri münasibətilə Niderland Krallığındakı “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Apeldorn şəhərində “Azərbaycan gecəsi” təşkil etmişdir.
Azərbaycanın Niderlanddakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə bildirilmişdir ki, ötən ilin oktyabrında Apeldornda keçirilmiş “Azərbaycan günü”ndən sonra “Ana Vətən” cəmiyyəti yerli təşkilatlardan biri ilə humanitar sahədə əməkdaşlıq müqaviləsi imzalamışdı. Bunun nəticəsində Apeldorn şəhərində hər həftə Azərbaycanı tanıdan tədbirlər keçirilir. Bu tədbirlər yerli televiziya vasitəsilə davamlı işıqlandırılır.
Tədbirin keçirildiyi yaşlılar evinin müdiri Henk Drayer demişdir ki, biz Azərbaycandakı yaşlılar evlərindən birini hamiliyə götürmək barədə gərar qəbul etmişik. Yaxın vaxtlarda topladığımız humanitar yardımı Bakıya aparacağıq.
H.Drayerin dediyinə görə, qısa müddətdə Apeldorn şəhərinin əhalisi Azərbaycan haqqında xeyli məlumat əldə etmişdir. Şəhərdəki restoranların birinin menyusuna Azərbaycan milli xörəkləri daxil edilmişdir.
“Ana Vətən” cəmiyyətinin sədri Gülşən Kazımova Azərbaycanın Konstitusiya günü, Milli Dirçəliş günü və rəhbərlik etdiyi cəmiyyətin yubileyi münasibətilə iştirakçıları təbrik etmiş və ötən bir ildə gördükləri işlərdən danışmışdır.
Sonra “Ana Vətən” cəmiyyəti tərəfindən zəngin və rəngarəng proqram təqdim olunmuşdur. Ölkəmiz haqqında sənədli film, Azərbaycan mahnıları və rəqsləri, habelə holland muğənnisi Maria van Velzenin ifasında Azərbaycan dilində səslənən Azərbaycan xalq mahnıları tədbir iştirakçılarının ürəyincə olmuşdur. 350-dən çox qonağın qatıldığı tədbirin sonunda Azərbaycan süfrəsi açılmışdır.
######
