NİDERLANDIN HAARLEM ŞƏHƏRİNDƏ “MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA QADINLARIN ROLU” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 12 mart (AZƏRTAC). Niderland Krallığında fəaliyyət göstərən “Azərbaycanın Holland Dostları” ictimai birliyi və yerli hökumət Haarlem şəhərindəki Tayler muzeyində “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda tədbir keçirmişdir.
Azərbaycan və Niderland cəmiyyətlərində qadınların yeri və hüquqlarının müzakirəsinə həsr edilmiş tədbir bədii və konfrans hissələrindən ibarət olmuşdur.
Tədbirdə Haarlem şəhərinin meri B.Şneyders, Niderland cəmiyyətində böyük nüfuza malik siyasətçilər, jurnalistlər və elm adamları, tanınmış holland ziyalıları iştirak etmişlər. Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov, Milli Məclisin deputatı Elmira Axundova tədbirə qonaq qismində dəvət olunmuşdular.
Konfransda giriş sözü ilə çıxış edən “Azərbaycanın Holland Dostları” təşkilatının icraçı direktoru xanım Marion van der Vegh tədbirin Hollandiyada keçirilməsi ideyasının ötən il Bakıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil olunmuş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Forumda Niderland nümayəndə heyətinin iştirakından sonra yarandığını xüsusi qeyd etmişdir.
Bakı Forumu zamanı söylənilmiş fikirlərin və təkliflərin mədəniyyətlərarası dialoqun inkişafına yeni təkan verdiyini bildirən xanım Marion van der Vegh vurğulamışdır ki, bugünkü tədbirin Niderlandın ən qədim və tarixi mərkəzlərdən biri olan Haarlem şəhərində təşkil olunması məhz Mehriban xanım Əliyeva tərəfindən Forumda səsləndirilmiş tövsiyələrin Avropa İttifaqı məkanında həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan bir tərəfdən öz tolerantlığı, dünyəviliyi və gender bərabərliyinə görə nümunəvi Avropa dövləti, digər tərəfdən isə milli və dini ənənələri qoruyub inkişaf etdirməyə qadir bir ölkə kimi beynəlxalq ictimaiyyətdə tanıdılmalı, Azərbaycanın sivilizasiyalararası dialoqun təşkil olunması, bu proseslərdə qadınların fəal iştirakının təmin edilməsi istiqamətində topladığı təcrübə holland cəmiyyəti tərəfindən dərindən öyrənilməlidir. Məhz bu səbəbdən tədbirin Hollandiyada bayram kimi qeyd edilən 8 Mart - Beynəlxalq Qadınlar günündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bədii proqram çərçivəsində mövzuya dair Azərbaycan haqqında film nümayiş olundu. Hollandiyanın Qroningen şəhərinin qadınlardan ibarət xor kapellası Azərbaycan xalqına xüsusi hörmət nümayişi olaraq “Sarı gəlin” xalq mahnısını Azərbaycan dilində məharətlə ifa etdilər. Niderlandda yaşayan azərbaycanlı musiqiçi Firəngiz Bağırova, habelə Bakıdan dəvət edilmiş musiqiçilər - Tünzalə Ağayeva, Elza Seyidcahan və Azərin milli, klassik və caz musiqisindən ibarət konsert proqramı ilə çıxış etmişlər.
Haarlem şəhərinin meri tədbirin xanım iştirakçılarını Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdikdən sonra Azərbaycanın səfiri Fuad İsgəndərovu salamlamışdır. O, indiyədək Haarlemdə bu mövzuda tədbirin keçirilmədiyini bildirərək, onun yüksək səviyyədə və rəngarəng təşkil etdiyinə görə “Azərbaycanın Holland Dostları” ictimai birliyinə minnətdarlığını bildirmişdir.
Səfir Fuad İsgəndərov Azərbaycan cəmiyyətində və mədəniyyətlərarası dialoqda qadınların rolu haqqında ətraflı məlumat vermiş, Bakı Forumunun davamı olaraq Haarlemdə belə bir tədbirin keçirilməsini, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq məqsədi ilə təşkil olunmuş proqramı yüksək qiymətləndirmişdir. Diplomat şəhər meriyasına, muzey rəhbərliyinə və “Azərbaycanın Holland Dostları” təşkilatının fəallarına minnətdarlıq etmiş, hədiyyələr vermişdir.
Tədbirin konfrans hissəsində Niderlandın tanınmış tədqiqatçıları Azərbaycanın gender siyasətində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmiş, onların Azərbaycan xalqının tolerantlığı, ölkənin mədəniyyətlərarası dialoqun etibarlı təşkilatçısı kimi tanınması ilə bağlılığını xüsusi vurğulamışlar.
Tədbirdə mövzu ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış materiallar paylanmışdır.
Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.