Nigeriyalı nümayəndə: WUF13 gələcəyin formalaşdırılması üçün mühüm platformadır
Bakı, 20 may, AZƏRTAC
WUF13-də aparılan müzakirələr gələcəyin formalaşdırılması baxımından olduqca vacibdir. Hazırda bir çox ölkələrdə, o cümlədən şəhər mühitlərində mənzil təminatı ilə bağlı ciddi çətinliklər mövcuddur və bir çox insan hələ də adekvat yaşayış şəraitindən məhrumdur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Nigeriyada fəaliyyət göstərən Humanitar Fondun nümayəndəsi Tereza Öföma söyləyib. O bildirib ki, ev yalnız fiziki bir məkan deyil, həm də insan üçün təhlükəsizlik, sabitlik və daxili rahatlıq deməkdir. Sığınacaq sahibi olmaq insanın həm sosial, həm də psixoloji rifahına birbaşa təsir göstərir, ona sülh və güvən hissi verir. Ona görə də, bu mövzuların beynəlxalq səviyyədə müzakirəsi son dərəcə əhəmiyyətlidir. WUF13 kimi platformalar ölkələrə təcrübə mübadiləsi aparmaq, yeni yanaşmalar öyrənmək və şəhər inkişafı üçün daha effektiv həll yolları formalaşdırmaq imkanı yaradır.
“Bu forumdan əldə olunan bilik və tövsiyələr gələcəkdə şəhərlərin daha dayanıqlı, inklüziv və yaşana bilən şəkildə inkişafına töhfə verəcək”, - deyə T.Öföma əlavə edib.