N.QOQOLUN VƏTƏNİNDƏ AVROPA SƏVİYYƏLİ “KASPİ-PREMİUM” MEHMANXANASI AÇILMIŞDIR
Poltava, 24 fevral (AZƏRTAC). Xorol şəhəri (Poltava vilayəti) yaxınlığında, Kiyev-Xarkov beynəlxalq avtomobil yolunun 231-ci kilometrliyində “Kaspi-premium” restoran-mehmanxana kompleksinin açılışı olmuşdur. Kompleksin təsisçisi həmvətənimiz Fəxrəddin Muxtarovdur.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev və Xorol Rayon Dövlət Administrasiyasının başçısı Tatyana Kaçanenko qırmızı lenti kəsdikdən sonra çoxsaylı qonaqlar 2400 kvadratmetr sahəsi olan Avropa səviyyəli mehmanxana ilə tanış olmuşlar. Konfrans salonu, restoranı, VİP üçün rahat beletajı, vertolyot meydançası olan mehmanxananın bəzək-tamamlama işlərinin görülməsində Türkiyədən gətirilmiş ən yaxşı mərmər növlərindən, Avropa istehsalı olan gözəl işıqlandırma cihazlarından istifadə olunmuşdur. Hotel Hindistandan gətirilmiş mebellə bəzədilmiş, Şərq üslubunda xalçalarla döşənmişdir. Müsafirlərə Azərbaycan, Ukrayna və Avropa mətbəxinin ləziz təamları təklif ediləcəkdir.
Səfir Tələt Əliyev demişdir ki, F.Muxtarovu ləyaqətli insan, əsl vətənpərvər və uğurlu biznesmen kimi tanıyır. O, hələ 2004-cü ildə Dnepropetrovskda F.Muxtarova məxsus olan altımərtəbəli “Kaspi” mehmanxanasının açılışında iştirak etmişdir. Diplomat yeni mehmanxananın istifadəyə verilməsini vilayətin həyatında böyük hadisə adlandırmışdır. Çünki vilayətə gələn qonaqların sayı tezliklə xeyli artacaqdır. Qarşıdan burada doğulub boya-başa çatmış böyük Nikolay Qoqolun anadan olmasının 200 illik, Poltava döyüşünün 300 illik yubileyləri gəlir. 2012-ci ildə isə Ukraynada Avropa futbol çempionatı keçiriləcəkdir.
Poltava Vilayət Dövlət Administrasiyası sədrinin birinci müavini İvan Bliznyuk, Xorol Rayon Dövlət Administrasiyasının başçısı Tatyana Kaçanenko, Xarkov vilayəti qubernatorunun müşaviri Azad Ömərov, Dnepropetrovsk Şəhər Şurasının deputatı Hafiz Aslanov və başqaları çıxış edərək, Azərbaycan diasporu, xüsusən Fəxrəddin Muxtarov barədə səmimi sözlər söyləmişlər.
Axşam təşkil edilən banketdən sonra Poltava səmasını bayram atəşfəşanlığı işıqlandırmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev