“OCAQ” AZƏRBAYCAN MƏDƏNİYYƏTİ MƏRKƏZİ 20 İLLİK YUBİLEYİNİ QEYD EDİR
Moskva, 23 yanvar (AZƏRTAC). Moskvadakı “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzi 20 illik yubileyini qeyd edir. 1988-ci il dekabrın 22-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən təsis yığıncağında “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması barədə qərar qəbul olunmuşdu. Rusiyada yaşayan soydaşlarımız bu ocağın istisinə yığışırlar. Cəmiyyətin yaradılmasının təşəbbüskarı və sədri tanınmış türkoloq alim, filologiya elmləri doktoru, Moskva Dövlət Linqvistika Universitetinin professoru, yazıçı və ictimai xadim Tofiq Məliklidir.
Tofiq Məlikli bildirmişdir ki, cəmiyyətin yaradılması ideyası hələ 60-cı illərdə meydana gəlmişdi. Moskvada təhsil alan bir neçə gənc azərbaycanlı aspirant yerlilik prinsipi əsasında birləşmək ideyasını təklif etmişdi. Bu ideyanı Azərbaycan ziyalıları qızğın dəstəkləmişdilər. Lakin təşkilatın məqsəd və vəzifələrini Moskva hakimiyyətinə başa salmaq üçün xeyli danışıqlar aparmaq lazım gəldi. Bu məsələ Moskva Şurasının Rəyasət Heyətinin iclasında müzakirə olundu və biz qalib gəldik. Beləliklə, “Ocaq” Ukraynanın “Slavutiç” və yəhudilərin “Şalom” cəmiyyətləri ilə yanaşı, Rusiya paytaxtında ilk qeydiyyatdan keçən üç diaspor qurumundan biri oldu. Cəmiyyətin ilk idarə heyətinin tərkibinə tanınmış şərqşünas, professor Saleh Əliyev, kinorejissor Rəşid Atamalıbəyov, şair İlham Bədəlbəyli, filosof Rafiq Osmanoğlu, musiqiçi Ədilə Əliyeva, jurnalist Fərhad Ağamalıyev, həmçinin Azərbaycan ziyalılarının digər nümayəndələri daxil idi.
T.Məlikli “Ocaq” cəmiyyətinin keçirdiyi ilk aksiyalardan da danışmışdır. Sovet dövründə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 70 illiyi qeyd olunmuş, Moskva Təhsil Departamentinin köməyi ilə Azərbaycan etnomədəni komponentli 157 nömrəli məktəb açılmış, Azərbaycan tarixinə dair mühazirələr, Azərbaycan dili kursları, bazar günü musiqi məktəbi təşkil olunmuş, xeyli “dəyirmi masa”, elmi konfrans, tanınmış mədəniyyət xadimlərinin yubileyləri keçirilmişdir. Cəmiyyət Moskvada yeni ənənələrin yaradıcılarındandır. 1989-cu ilin martında, cəmiyyət yaradıldıqdan 3 ay sonra ilk dəfə olaraq Moskvada Novruz bayramı rəsmi səviyyədə qeyd edilmişdir.
Hazırda Azərbaycan Mədəniyyəti Mərkəzi Moskvadakı diaspor təşkilatlarımızın ən fəallarından biridir. Cəmiyyət Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin, adət-ənənələrimizin inkişafına və təbliğinə böyük töhfələr verir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva