OĞUZDA XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Oğuz, 27 fevral (AZƏRTAC). Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Oğuz rayonunun təhsil, mədəniyyət və idman müəssisələrində, təşkilatlarda anma mərasimləri, xatirə gecələri, müsabiqələr, idman turnirləri keçirilmiş, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
Soyqırımı günü ilə əlaqədar fevralın 26-da rayon icra hakimiyyətində keçirilən ümumrayon toplantısını giriş sözü ilə icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov açaraq, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisəsi olan Xocalı faciəsinin səbəbləri, mahiyyəti və acı nəticələri barədə danışmış, 18 il əvvəl baş vermiş bu qətliamın məhz erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir. Natiq soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirmiş, məhz ulu öndərimizin müdrik siyasəti nəticəsində Xocalı faciəsi ətrafında yaradılan informasiya blokadasına son qoyulduğunu xüsusi vurğulamışdır.
Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski “Xocalı qan yaddaşımızdır” mövzusunda məruzə etmişdir.
Məruzə və çıxışlarda 18 il əvvəl - o müdhiş fevral gecəsində baş verən qanlı hadisələr bir daha xatırlanmış, faciənin müəllifləri, terroru dəstəkləyənlər qətiyyətlə pislənmişdir.
Sonra faciənin ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm və xocalılıların sıx məskunlaşdığı ərazidə yerləşən Qaragav orta məktəbi şagirdləri arasında keçirilən “Xocalı - qan yaddaşımız” mövzusunda inşa yazı müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilmişdir.
Tədbirdən sonra rayon ərazisində məskunlaşmış Xocalıdan olan ailələrə yardım göstərilmişdir.