Ölkənin əksər çaylarında suyun səviyyəsi azalıb
Bakı, 22 yanvar, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 100-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin AZƏRTAC-a verdiyi məlumata görə, yanvarın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 155 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 85 m3/s olmaqla, ongünlük normanın 127 faizini təşkil edir.
Yanvarın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Salyanda 5 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 437 sm, Şirvanda 319 sm, Salyanda 288 sm, Bankədə 217 sm, Araz çayının Novruzlu məntəqəsində isə 164 sm təşkil edir.