MƏDƏNİYYƏT
Ölkənin şimal bölgəsində turizmin inkişaf perspektivləri müzakirə edilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov respublikamızın şimal bölgəsində fəaliyyət göstərən turizm xidməti və turizm nümayişi obyektlərinə baxış keçirilməsi və ərazinin turizm potensialının öyrənilməsi məqsədi ilə Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Nazim Səmədov bu rayonlarda fəaliyyət göstərən muzeylər, mədəniyyət mərkəzləri, mədəniyyət obyektləri, mədəniyyət və təbiət qoruqları, mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri, turizm nümayiş obyektləri və turizm informasiya mərkəzlərində olmuş və obyektlərin rəhbərləri ilə görüşlər keçirmişdir.
Görüşlərdə turistlərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə mövcud olan problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılmış, həmçinin yerli mütəxəssislərin təklifləri dinlənilmişdir.
Şimal bölgəsi üzrə hər bir rayonun icra hakimiyyətində keçirilən görüşlərdə zəngin turizm potensialına malik olan bu rayonlarda turistlərin səfərlərinin yüksək səviyyədə təşkilində və rayonun turizm məkanı kimi tanınmasında və inkişafında müvafiq köməkliyin göstərilməsi məsələləri müzakirə edilmişdir.
Qeyd olunan rayonların icra hakimiyyətlərinin başçıları turizm və rekreasiya zonalarının yaradılması işinin təşkilində, Qusar və Xızı rayonlarında turizm informasiya mərkəzinin yaradılmasında, turizm nümayiş obyektlərinə gedən yerli əhəmiyyətli yolların bərpasında və aidiyyəti məsələlərin həllində müvafiq köməklik göstərəcəklərini bildirmişlər.