Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində mədəni irs düşərgəsi təşkil olunmuşdur
Bakı, 29 avqust (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (İB) avqustun 22-dən 29-dək orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində mədəni irs düşərgəsi təşkil etmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, düşərgənin məqsədi gənclərimizi mədəni irs abidələrimizlə əyani tanış etmək, onların bilik və bacarıqlarını nəzəri və təcrübi əsaslarla artırmaq, alimlərimizlə seminar və görüşlər keçirmək, gənclər arasında ünsiyyəti genişləndirməkdir.
Düşərgədə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin üzvü olan müxtəlif təhsil və elmi müəssisələrin tələbə, magistr və gənc tədqiqatçıları yaxından iştirak etmişlər.
Mədəni irs düşərgəsinin ilk günündə gənclərə xanlıqlar dövründə Azərbaycanın həm ərazisinə, həm də əhalisinin sayına görə ən böyük şəhəri olan Ağsuda arxeoloji tədqiqatların 2010-2012-ci illərdə aparıldığı, 1,5 hektar sahənin öyrənildiyi söylənilmişdir. Bildirilmişdir ki, tikili qalıqları konservasiya olunmuş, təbii və antropogen təsirlərdən qorumaq üçün bəzi sahələrin üzəri örtülmüş, nəticədə istənilən fəsildə turistlərin qazıntı sahələrini ziyarət etmək imkanları yaranmışdır.
Qazıntı sahələri ilə tanışlıqdan sonra gənclərin hazırladıqları “Tariximiz zibillənməsin!” sosial çarxının çəkilişi həyata keçirilmişdir. Sosial çarx Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “Ən yaxşı sosial çarx” müsabiqəsinə təqdim etmək üçün hazırlanmışdır.
İkinci gün tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində gənclər arasında iş bölgüsü aparılaraq, arxeoloji qalıqların və tapıntıların konservasiya-təmizlənməsi, sərgisinin təşkil olunmasında işlər görülmüşdür. Bu işlər gənclərin təcrübə qazanmasına və əyani biliklərinin artmasına kömək etmişdir.
Qruplara bölünmüş gənclər Cümə məscidinin döşəməsi altından keçən və 2011-ci ilin arxeoloji qazıntıları zamanı üzə çıxmış şəhərin əsas su xəttini, Cümə məscidinin qarşısındakı şəhərin baş meydanında 16 kvadratmetr sahəni, 2012-ci ildə VII qazıntı sahəsində buzxana-anbardan aşkar olunmuş mis qabları torpaq qatından təmizləmişlər.
Həmçinin III qazıntı sahəsindəki sərgi zalında bütün vitrinlərdəki materiallar yenidən təsnif edilmiş, yeni etiketlər qoyulmuşdur. Etiketlərin Azərbaycan dili ilə yanaşı, ingilis dilində də tərtibi nəzərdə tutulur.
Bütün təmizlənmiş eksponatların fotoları çəkilmişdir.
Həmçinin hər gün düşərgədə tanınmış alimlərin iştirakı ilə seminarlar keçirilmiş və onların məruzələri dinlənilmişdir. Professorlar Qafar Cəbiyevin “Azərbaycanda yeni arxeoloji tədqiqatlar”, Kamil İbrahimovun “Bakıda arxeoloji tədqiqatlar və konservasiya işləri”, “Bakı tipləri”, Abbas Seyidovun “Naxçıvanda arxeoloji tədqiqatlar”, Vüqar Mikayılovun “Azərbaycanda qədim içki mədəniyyəti və Az-Granata”, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin ““Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin mədəni irs fəaliyyətləri” mövzularında məruzələri böyük maraqla qarşılanmışdır.
Düşərgə iştirakçıları Ağsu rayonu ərazisində Növcü daş qoç qəbirləri xatirə abidəsi, ilk orta əsr Mehravan qalası, XIV əsrə aid Şeyx Dursun türbəsi, Cavanşir su anbarı, “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodu, İsmayıllı rayonu ərazisində Basqal ipək mərkəzində ekskursiyalarda olmuşlar.
Sonda düşərgə iştirakçılarına “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin xüsusi sertifikatları təqdim edilmişdir.