İQTİSADİYYAT
Ötən ay Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 788 vətəndaş müraciət edib
Bakı, 7 sentyabr, AZƏRTAC
Cari ilin avqust ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 788 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 66-sı məlumat üçün olmaqla 708 müraciət edilib.
Təbii qaz təchizatı ilə bağlı 4-ü məlumat xarakterli olmaqla 54 müraciət, istilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla cəmi 19 müraciət edilib. Digər məsələlərlə bağlı isə 2-si məlumat üçün olmaqla 7 müraciət göndərilib.
Müraciətlərdən 271-i agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (8 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 443 müraciət hazırda baxılma prosesindədir, 73 məlumat xarakterli müraciətdən 33-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.