Ötən il Şəkidə aqrar sahədə məhsul istehsalı 4,2 faiz artıb
Şəki, 5 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2020-ci ildə Şəki rayonunda istehsalın əsas sahələrində faktiki qiymətlərlə 540 milyon 441,5 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Buraxılmış məhsulun 9,2 faizi dövlət, 90,8 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 2859,4 manatlıq məhsul buraxılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin yanvar-dekabr aylarında rayonda faktiki qiymətlərlə 36 milyon 462,5 min manatlıq sənaye, 218 milyon 394,1 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 4,2 faiz artıb. Hesabat dövründə rayonda əsas kapitala 154 milyon 559,2 min manat investisiya yönəldilib. İnvestisiyanın 136 milyon 965,6 min manatı və ya 88,6 faizi tikinti işlərinə sərf edilib.