Özbəkistanlı tibb mütəxəssislərinin Azərbaycan Tibb Universitetində praktikası başa çatıb
Bakı, 12 fevral, AZƏRTAC
Özbəkistanın Daşkənd Tibb Akademiyasının Fərqanə filialının iki təmsilçisi Azərbaycan Tibb Universitetinin (ATU) gigiyena və qida gigiyenası kafedrasında “Qida gigiyenası və qidalanmanın aktual problemləri” mövzusu ilə əlaqəli praktika keçiblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təcrübə proqramını başa vuran Daşkənd Tibb Akademiyasının əməkdaşları Şahnoza Normatova və Arofat Haşimova sertifikata layiq görülüblər. Sertifikatların təqdimat mərasimində ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov çıxış edərək, təmsil etdiyi ali təhsil müəssisəsinin digər ölkə universitetləri ilə əlaqələri və tələbə mübadiləsi proqramından danışıb: “ATU minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, həmçinin alimlər yetişdirən elm ocağıdır. Burada tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir. Kafedralarda elmi işləri aparmaq üçün olduqca geniş şərait yaradılıb. Müxtəlif sahələrə aid elmi laboratoriyalar - kimyəvi, biokimyəvi, histoloji və s. laboratoriyalar mövcuddur”.
Daşkənd Tibb Akademiyasının təmsilçiləri yüksəksəviyyəli praktikanın təşkili üçün Tibb Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar kafedralarda təcrübə proqramının təşkili, ATU nümayəndələrindən gördükləri xoş münasibətdən məmnunluqlarını ifadə ediblər.