İQTİSADİYYAT
Pirallahı və Çilov adaları arasında külək elektrik stansiyaları quraşdırılacaq
Bakı, 16 aprel, Nihat Budaqov, AZƏRTAC
Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyaları quraşdırılacaq. Həmin estakadalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) texniki bazası hesabına inşa ediləcək. Estakada vasitəsilə külək elektrik stansiyasının inşası dünyada ilk dəfə olaraq Azərbaycanda tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov jurnalistlərə müsahibəsində məlumat verib. O qeyd edib ki, layihənin dəyəri 450 milyon manat civarında hesablanıb. Layihə üç hissədən - külək stansiyalarının qurulması, estakada yolunun çəkilişi və enerjinin ötürülməsi üçün yeni şəbəkənin yaradılmasından ibarətdir.
ABOEMDA-nin sədri bildirib ki, layihənin ümumi məsələləri 2016-cı ildə yekunlaşaraq növbəti illərdə tikinti işlərinə başlanılacaq. Layihənin tam həyata keçirilməsi 3 il müddətinə nəzərdə tutulur.
A.Bədəlovun sözlərinə görə, layihə ilə bağlı müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu artıq yaradılıb. Bir sıra işlərlə yanaşı layihənin texniki-iqtısadi əsaslandırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilib, nəzərdə tutulmuş layihə aidiyyati dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək.