Qafqazda elmihal ənənəsi ilə bağlı kitab nəşr olunub
Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müdiri dosent Əhməd Niyazovun “Qafqazda elmihal ənənəsi və ilk elmihal nümunəsi: “Zübdətül-İslam” (transliterasiya və transkripsiya)” kitabı nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Kitab İslam mədəniyyəti tarixində mədrəsə ənənəsinin Qafqaz nümunəsi kimi XVII-XIX əsrləri əhatə edir. Nəşrdə Qafqazın hazırda bizə məlum olan ilk elmihal kitabının transliterasiyası və transkripsiyası oxuculara təqdim olunur. Sözügedən nümunə İslam dininin əqidə ilə bağlı mövzuları, təharət, dəstəmaz, namaz, oruc, zəkat, həcc, qurban və digər ibadətlər haqqında məlumatları ehtiva etməklə yanaşı, Azərbaycanın ənənəvi dini mühiti barədə müxtəlif bilgiləri əhatə edir. Kitabda mənəvi dəyərlərimizin tarixi resursları və mədəni irsimizin inkişaf tarixi nümunəsi də öz əksini tapıb. Nümunə ilahiyyat təhsili alan tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.