Qara Qarayevin ev-muzeyində Xalq artisti Tofiq Bakıxanovla görüş keçirilib
Bakı, 13 iyul, AZƏRTAC
Qara Qarayevin ev-muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanovla görüş keçirilib.
“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən tədbirdə Ulu Öndərin və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Qara Qarayevin ev-muzeyinin direktoru Züleyxa Qarayeva muzey haqqında məlumat verib. Bildirilib ki, il ərzində muzeydə müxtəlif miqyaslı tədbir və layihələr həyata keçirilir. “Heydər Əliyev İli”nə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən görüşün ölkəmizdə mədəniyyət və incəsənətin gənclər vasitəsilə təbliği nöqteyi-nəzərdən olduqca önəmli olduğunu vurğulayan Züleyxa Qarayeva “İrəli” İctimai Birliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışı zamanı “MədəniyyətimİZ” layihəsi barədə məlumat verib. Diqqətə çatdırıb ki, layihənin “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi təsadüfi hal deyil. Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də böyük diqqət ayırıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Görüşdə Xalq artisti Tofiq Bakıxanov geniş təqdimatla çıxış edib, müəllifi olduğu əsərlərdən danışıb, Ümummilli Lider Heydər Əliyevlə, eləcə də müəllimi Qara Qarayevlə bağlı xatirələrini bölüşüb.
Tədbir “Bəstəkarlıq sənətinin inkişafı: Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti kodeksində”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev fenomeni” və “Azərbaycan bəstəkarlıq sənətinin qorunması, ötürülməsi, tədqiqi və təbliğində gənc nəslin rolu” mövzularına panel müzakirələrlə davam edib, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
Görüşün bədii hissəsində gənc musiqiçilərin təqdimatında Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində görkəmli və peşəkar mədəniyyət xadimləri ilə gənclərin müxtəlif məkanlarda interaktiv görüşləri nəzərdə tutulub.