REGİONLAR
Qarabağ bölgəsində buraxılış imtahanları uğurla başa çatıb
Ağdam, 10 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Martın 10-da Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin əhatə etdiyi Ağdam, Bərdə, Tərtər və Yevlax rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi uğurla başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Elton Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Ağdamda 3, Bərdədə 5, Tərtərdə 2, Yevlaxda 3 imtahan mərkəzi ayrılıb. İmtahanlarda Ağdam rayonu üzrə 982, Bərdə rayonu üzrə 2 min 234, Tərtər rayonu üzrə 832, Yevlax rayonu üzrə min 350 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
Saat 11-də başlanan imtahan 3 saat davam edib. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.
Buraxılış imtahanları 13 ümumi imtahan rəhbəri, 39 imtahan rəhbəri və 461 nəzarətçi müəllim tərəfindən idarə olunub. İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qayda pozuntusu qeydə alınmayıb.