“Qarabağ” Fondu bu təşkilatın 2012-ci ildəki fəaliyyəti haqqında hesabat məruzəsi dərc etmişdir
Vaşinqton, 26 dekabr (AZƏRTAC). “Qarabağ” Fondu bu təşkilatın 2012-ci ildəki fəaliyyəti haqqında hesabat məruzəsi dərc etmişdir. Məruzədə fond tərəfindən keçirilmiş müxtəlif səviyyəli tədbirlərdən bəhs edilir.
Hesabat məruzəsindən məlum olur ki, 2012-ci ildə “Qarabağ” Fondu Vaşinqton Milli Ticarət Mərkəzində, Boston və Nyu-Yorkun möhtəşəm salonlarında, ABŞ paytaxtındakı dünya şöhrətli “Stratmor” kamera zalında və bir sıra başqa məkanlarda Azərbaycan və ümumtürk mədəniyyətinin təbliği üçün maraqlı sərgilər və təqdimat mərasimləri keçirmişdir. Fond nüfuzlu “National Geographic” nəşri tərəfindən təşkil edilmiş “1001 kəşf” festivalında, TÜRKSOY qurumu tərəfindən keçirilmiş konsertdə iştirak etmiş, Smitson beynəlxalq festivalında Azərbaycan mətbəxini təqdim etmişdir.
Azərbaycan incəsənət nümunələrinin, qədim Azərbaycan dövlətlərinə aid artefaktların sərgisi təşkil edilmiş, Azərbaycan muğamını, Nizami Gəncəvi və digər şairlərin yaradıcılığını təbliğ edən bir sıra maraqlı tədbirlər keçirilmişdir. Birləşmiş Ştatlarda Azərbaycan diasporunun inkişafına sanballı töhfələr vermiş “Qarabağ” Fondunun rəhbərliyi öz fəaliyyətini daha da genişləndirmək, Azərbaycanın, xüsusən Qarabağın mədəniyyətini təbliğ etmək niyyətindədir.
Yusif Babanlı
Vaşinqton