ELM VƏ TƏHSİL
Qarabağ Zəfəri ilə şəhidlərin qisası alındı
Bakı, 19 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YT Park) Azərbaycan xalqının əzm və iradəsinin rəmzi olan 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a YT Parkdan məlumat verilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Baş direktor Vasif Abbasov 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib. O, 33 il əvvəl baş vermiş siyasi proseslərdən danışaraq faciənin əsas səbəblərinə diqqət çəkib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək törədilən bu cinayəti qətiyyətlə pisləməsi və bəyanatla çıxış etməsi böyük cəsarətin, eyni zamanda, öz xalqına sonsuz bağlılığın və dərin sədaqətin tarixi nümunəsidir.
Vasif Abbasov əlavə edib ki, Qarabağ Zəfəri ilə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Ərazi bütövlüyümüzün təmin olunması şəhidlərimizin qanının hədər getmədiyini sübut etdi.
Baş direktor Qanlı Yanvar faciəsi qurbanlarına və şəhid ailələrinə Azərbaycan rəhbərliyi tərəfindən hər zaman qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, ölkəmizdə aparılan uğurlu siyasət sayəsində bu gün Azərbaycanın dünyada stabil inkişaf edən, öz mövqeyini ortaya qoyan, nüfuz sahibi olan bir dövlət kimi tanındığını qeyd edib. Bildirib ki, bu inkişaf, dayanıqlılıq və davamlılığın təmin olunması məsələləri Yüksək Texnologiyalar Parkının qarşısına da müəyyən vəzifələr qoyur.
Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsi barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər.