Qaxda buraxılış imtahanları üç mərkəzdə aparılıb
Qax, 17 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 17-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qax rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Qax rayonunda 3 mərkəz ayrılıb. Buraxılış imtahanları Qax şəhərindəki 2 saylı orta məktəb-lisey, 4 və 5 saylı tam orta məktəblərdə təşkil olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Regional bölmədən verilən məlumata görə, ümumilikdə, 640 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 9 imtahan rəhbəri və 61 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 51 otaq ayrılıb.
AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 saylı orta məktəb-liseydə 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Bu mərkəzdə buraxılış imtahanı Azərbaycan və gürcü bölmələri üzrə aparılıb.
İmtahan rəhbəri Şəfa Mövsümov bildirib ki, 239 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 23 nəzarətçi-müəllim cəlb edilib.
DİM-in Şəki regional bölməsindən verilən məlumata görə, iyunun 17-də Zaqatala və Balakən rayonlarında da gürcü bölməsi üzrə buraxılış imtahanları keçirilib. İmtahanlar Zaqatala və Balakən şəhərlərindəki 1 saylı tam orta məktəblərdə təşkil olunub. Zaqatalada keçirilən imtahanda 26, Balakəndə keçirilən imtahanda isə 9 nəfər iştirak edib.
Bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.