QAXDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Qax, 25 fevral (AZƏRTAC). Qaxda Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə, habelə “Şəhidlər xiyabanı”nda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının məzarları üzərinə gül-çiçək düzmüş, xatirələrini ehtiramla yad etmiş, rayon İcra hakimiyyətinin foyesində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxmışlar.
Tədbirin əvvəlində Xocalı faciəsinin dəhşətli anlarını əks etdirən sənədli film göstərilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Telman Quliyev xalqımıza qarşı hər zaman cinayətkar mövqedə dayanan ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliamın bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirmiş, faciənin mahiyyəti və acı nəticələri barədə danışmışdır. Natiq Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində və bu faciənin acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışdır.
İcra hakimiyyətinin başçısı aparatının şöbə müdiri Məhərrəm Məhərrəmovun “Xocalı qətliamı insanlığa qarşı törədilmiş amansız cinayətdir” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzə və çıxışlarda erməni cəlladlarının xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasəti konkret faktlarla nəzərə çarpdırılmış, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının acı nəticələrindən və ibrət dərslərindən geniş bəhs olunmuşdur. Çıxışlarda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan torpaqlarımız tezliklə geri qaytarılacaq, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.