Qazax rayonunun Ağköynək kəndi ərazisində əl qumbarası tapılıb
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də saat 12:27-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Ağköynək kəndi ərazisində bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin mobil əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Qazax Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qazax regional məntəqəsinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə Ağstafa su kanalına baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F-1 əl qumbarası aşkarlanıb. Həmin qumbara zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1-dən martın 11-dək 64 çağırış əsasında ANAMA tərəfindən 59 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Bu çıxışlar zamanı 178 ədəd partlamamış hərbi sursat (PHS), piyada əleyhinə 5, tank əleyhinə 10 mina və müxtəlif çaplı 5609 patron zərərsizləşdirilib. Əməliyyatlar zamanı 40 min kvadratmetrə yaxın ərazi yoxlanılıb.