“Qəbələ” ilə “AVİS Azərbaycan” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 19 fevral, AZƏRTAC
“Qəbələ” idman klubu ilə “AVİS Azərbaycan” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, müqaviləyə əsasən, şirkət “Qəbələ”ni 1 il ərzində nəqliyyat vasitələri ilə təmin edəcək. AVİS-in reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı lövhələrdə, oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində və klubun rəsmi saytında yerləşdiriləcək. Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
AVİS-in Azərbaycan üzrə rəhbəri Berat Ecemiş əməkdaşlıqla bağlı fikirlərini açıqlayıb: “Şirkətimiz 161 ölkədə müştərilərə xidmət göstərir. “AVİS Azərbaycan” ölkənin qabaqcıl futbol və idman markası “Qəbələ” ilə əməkdaşlığa start verməkdən sevinc duyur. İnanırıq ki, “Qəbələ” bu mövsüm Avropada əldə etdiyi uğurlu nəticələri təkrarlayacaq və əməkdaşlığımız qarşıdakı illərdə də davam edəcək”.
“Qəbələ”nin kommersiya direktoru Mustafa Aztopal da əməkdaşlığa görə sevinc duyduğunu bildirib: “Ümid edirəm ki, AVİS ilə əməkdaşlığımız üzunmüddətli olacaq. AVİS kimi şirkət ilə müqavilə gələcəkdə başqa firmalar üçün bizimlə əməkdaşlıq baxımından gözəl nümunə olacaq”.