Qəbələyə altı ay ərzində 16 mindən çox turist gəlmişdir
Qəbələ, 8 iyul (AZƏRTAC). Dağlıq ərazidə yerləşən Qəbələnin sıx yaşıl meşələri, füsunkar təbiəti, sərin bulaqları, qədim tarixi abidələri, müasir turizm obyektləri, gursulu dağ çayları və səfalı yaylaqları turistlərin böyük marağına səbəb olur.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişdir ki, iyunun 14-də Qəbələ rayonunda turizm mövsümünə rəsmən start verilsə də artıq mayın ortalarından başlayaraq turistlər Qəbələyə intensiv şəkildə gəlirlər. İstirahət etmək üçün Qəbələyə gələn yerli və xarici turistlərin sayının ildən-ilə artdığını bildirən şöbə müdiri hazırda rayonda irili-xırdalı 100-dən artıq turizm obyektinin fəaliyyət göstərdiyini qeyd etmişdir.
Bildirilmişdir ki, son 8 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 18-ə çatmışdır. Beşulduzlu “Qafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Sport” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, “Sərin meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”, “Selbasar”, “Ay işığı”, “Yengicə”, “Xanlar”, “Çənlibel”, “Soyuq bulaq”, “Gilan”, “Qəbələ”, “Karvan” otel və istirahət mərkəzləri son illərdə inşa edilən turizm obyektlərindəndir və burada qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılmışdır. Gün ərzində bu obyektlərdə ümumilikdə 2500-ə yaxın qonağa milli, türk və Avropa mətbəxlərinin daxil olduğu restoran xidmətləri və müasir otelçilik, eləcə də meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərinin göstərilməsi üçün imkanlar mövcuddur. Əvvəllər rayonda üç otaqlı kottecin bir günlük kirayə haqqı 120 manat olmuşdusa, bu il 80 manat təşkil edir. Həmçinin, əvvəlki illərlə müqayisədə builki restoran xidmətlərində də 15-20 faiz endirim vardır. Qiymətlərin aşağı düşməsinə səbəb isə rayonda turizm obyektlərinin çoxluğu və onların arasındakı rəqabətlə əlaqədardır. Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən ötən həftə rayonun otel və istirahət mərkəzlərində monitorinq keçirilmiş, oradakı xidmətlərin səviyyəsi normal qiymətləndirilmişdir.
Ötən il Qəbələyə 35 min 850 turist gəlmişdir, bu ilin altı ayı ərzində rayona gələn qonaqların sayı 16 min 352 nəfər olmuşdur. Onlardan 1552 nəfəri xarici, 14,800 mini yerli turistlərdir. Son dörd ildə rayona gələn turistlərin sayı 2,5 dəfə artmışdır. Belə ki, 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə 29 min 480, 2010-cu ildə 30 min 150, 2011-ci ildə 35 min 850 turist gəlmişdir.