Qərb Universitetində “Ekoloji hüquq və idarəetmə” mövzusunda tədbir keçirilmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). Noyabrın 12-də Qərb Universitetində “Ekoloji hüquq və idarəetmə” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
“Ekologiya İli” münasibətilə Bakıda keçirilən “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfrans çərçivəsində təşkil olunmuş tədbirdə çıxış edən YUNESKO-nun insan və biosfer komitəsinin Azərbaycan üzrə sədri, akademik Urxan Ələkbərov görüşün məqsəd və əhəmiyyətindən danışmışdır.
U.Ələkbərov qeyd etmişdir ki, iqtisadiyyatın sürətli inkişafı dünyada insan sağlamlığına mənfi təsir göstərən ekoloji problemlər yaratmışdır. İnsan sağlamlığının mühüm əhəmiyyət kəsb etdiyi ölkəmizdə ətraf mühitin qorunması, atmosferin çirklənməsinin qarşısının alınması, ekoloji problemlərlə mübarizə istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlər görülür. 2010-cu ilin “Ekologiya İli” elan edilməsi bu sahəyə yönələn diqqət və qayğının bariz nümunəsidir.
Avstriya Təbii Ehtiyatlar və Tətbiqi Həyat Elmləri İnstitutunun əməkdaşı Lorents Probst, Pakistanın Karaçi Universiteti Ətraf Mühit İnstitutunun nümayəndəsi Vaqar Əhməd, Ukrayna Ailə, Gənclər və İdman İşləri Nazirliyinin şöbə müdiri Viktoriya Sanovskaya, Moldova Elmlər Akademiyası Kimya İnstitutunun elmi işçisi Marin İon, ekologiya üzrə mütəxəssis Eli Vayt (ABŞ) və digər çıxış edənlər hazırda ekologiya probleminin qlobal miqyas almasından, onun bütün insanlar tərəfindən birgə həll edilməsinin vacibliyindən, təmsil etdikləri qurumlarda bu sahədə görülən işlərdən, aparılan tədqiqatlardan danışmışlar.
Cəmiyyətin avanqard hissəsi olan gənclərin bu sahədə fəallığı yüksək qiymətləndirilmiş, gənc alim və tədqiqatçıların iştirakı ilə belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyi vurğulanmışdır.
Tədbirdə ekologiya mövzusuna həsr olunmuş qısa videofilm göstərilmişdir.