Qobustan Heyvandarlıq Nümayiş Kompleksində “Aberdin-Anqus” cinsli inəklərin satışına başlanılıb
Bakı, 23 yanvar, AZƏRTAC
“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə xaricdən yeni cins damazlıq heyvanlar gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Aberdin-Anqus” cinsli inəklər kompleksin iribuynuzlu heyvanların saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq inəklərin satışına başlanılıb.
Xarici cins damazlıq heyvanların satışının təşkil edilməsində əsas məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır.
Qeyd edək ki, Avropada geniş yayılmış və vətəni Şotlandiya olan cins ətlik istiqamətli Aberdin-Anqus inəkləri ekoloji şəraitə tez uyğunlaşan damazlıq heyvanlardır. Bu heyvanlar yerli cinslərin damazlıq xüsusiyyətlərinin təkmilləşdirilməsində istifadə olunur. Aberdin-Anqus inəklərinin məhsuldarlıq göstəriciləri olduqca yüksəkdir. Bu inəklərin ətində yağ faizi digər inəklərə nisbətən 6 dəfə aşağıdır. Yerli inəklərin ətində yağlılıq dərəcəsi 35-36%, Aberdin-Anqus inəklərində isə 6-7% olur. Törədici inəklərin çəkisi 900-1100 kiloqram, düyələrin çəkisi isə 500-600 kiloqrama çatır. Ət çıxımı 60-65 faiz olur. 12 aylıq cöngələrin çəkisi 350 kiloqrama çatır və intensiv yemləmə zamanı çəki sutkada 800-850 qram artır. Satışa çıxarılan 18-26 aylıq boğaz inəklərdir.
Xatırladaq ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksində heyvanların 60%-nin dövlət güzəşti ilə satışı təşkil edilir. Burada fermerlər heyvanlara baxış keçirərək, sərgi-satış mərkəzində istədikləri heyvanları əldə edə bilərlər. Kompleks həftəiçi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Satılan heyvanlar və satış haqqında məlumatın verilməsi üçün 1659 satış mərkəzi də fəaliyyət göstərir.