Quba Soyqırımı Memorial Kompleksini onlayn ziyarət etmək imkanı yaradılıb
Quba, 29 mart, Elxan Yusifli, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Quba Soyqırımı Memorial Kompleksi ziyarətçi qəbul etməyəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kompleksə onlayn ziyarət təşkil ediləcək.
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı Abutalıb Turabov bildirib ki, dünyada yayılan koronavirus səbəbindən kompleksi ziyarət onlayn sistemə keçirilib. “İnsanların sıx toplaşması qadağan edildiyindən, kompleksə feysbuk səhifəsi (https://www.facebook.com/quba.kompleks) üzərindən səyahət etmək mümkündür. Səhifədə kompleks barəsində ətraflı məlumatlar var”, - deyə Abutalıb Turabov söyləyib.
Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.