RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ BƏRDƏDƏ SƏYYAR KOLLEGİYA İCLASI KEÇİRMİŞDİR
İclası giriş sözü ilə nazir Əli Abbasov açmışdır. Qeyd olunmuşdur ki, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev hər sahədə olduğu kimi, rabitənin beynəlxalq standartlar səviyyəsində qurulmasına da daim diqqət və qayğı göstərir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması barədə Prezidentin Sərəncamı buna aydın sübutdur.
Bölgənin rəhbər rabitə işçilərinin iştirak etdikləri kollegiya iclasında nazirliyin aparatının rəhbəri Vidadi Zeynalovun yarımilliyin yekunlarına həsr olunmuş məruzəsi dinlənilib müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, həyata keçirilən tədbirlərin səmərəsini artırmaq məqsədi ilə “2006-cı ildə informasiya texnologiyaları, telekommunikasiya və poçt rabitəsinin, radio-televiziya yayımının keyfiyyətinin, texniki və iqtisadi göstəricilərinin yaxşılaşdırılması haqqında” tədbirlər planı hazırlanmışdır. Telekommunikasiya sektorunda əldə olunmuş 250,1 milyon manat (AZN) gəlirin 70,7 faizi özəl sektorun payına düşmüşdür. Altı ayda nazirlik üzrə proqnozlaşdırılmış 70 milyon manat əvəzinə 92,7 milyon manat gəlir əldə edilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,4 milyon manat və ya 33,7 faiz çoxdur.
Natiq sözünə davam edərək demişdir ki, ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə altı ayda rabitə müəssisələri tərəfindən 13,3 milyon manat investisiya qoyuluşu həyata keçirilmişdir. Nəticədə nazirlik üzrə, əsasən, telefon aparatları sayının artımı proqnozlaşdırılmış 23 min əvəzinə, 37 min 552 ədəd olmuşdur. Bu müddətdə ümumilikdə 112 min 286 nömrə tutumu olan ATS-lər istismara verilmişdir. Ötən il iyulun 1-nə telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 57,8 faiz təşkil etdiyi halda, həmin rəqəm bu ilin eyni dövründə 68,5 faizə, Bakı şəhər telefon şəbəkəsində və respublikanın digər bölgələrində isə müvafiq olaraq 76,5 faizə və 59,7 faizə çatmışdır. Beynəlxalq telefon kanallarının sayı da 70 faiz artaraq 3 min 460 olmuşdur. Yeni texnologiyaların tətbiqi sahəsində də tədbirlər görülmüşdür.
Aparat rəhbəri məlumat vermişdir ki, Abşeron, Astara, Bərdə, Qax, Qobustan, Quba, Lənkəran, Cəlilabad, Masallı və Şəki rayonlarında 13 elektron ATS-in birləşdirici xətləri fiber-optik kabellər üzərində təşkil olunmuşdur. Naxçıvan MR-də 2006-cı ildə rabitənin yaxşılaşdırılması ilə əlaqədar tədbirlər planı hazırlanıb təsdiq edilmişdir.
Hesabat dövründə respublikanın bölgələrində 14 ədəd müxtəlif gücə malik televiziya və radio vericiləri quraşdırılaraq istismara verilmişdir.
Kollegiya iclasının iştirakçılarının diqqətinə çatdırılmışdır ki, “Azərpoçt” Dövlət Müəssisəsi üzrə ölkə əhalisinə göstərilən poçt xidmətlərinin keyfiyyəti daha da yüksəldilmiş, Azərbaycan Prezidentinin yeni iş yerlərinin yaradılması və regionların sosial-iqtisadi inkişafı barəsində imzaladığı Fərman və Sərəncamlara uyğun olaraq 60 poçt şöbəsi və 16 poçt agentliyi istifadəyə verilmişdir. Hazırda 70 kənd və qəsəbə poçt şöbəsi binasının, 3 rabitə evinin, 1 filial binasının tikintisi, 7 filial və 1 şöbə binasının təmiri davam etdirilir.
Qeyd olunmuşdur göstərilən müddətdə birlik və müəssisələrdə 1848 nəfər işlə təmin olunmuşdur. Rabitəçi idmançılar respublika birinciliyində və beynəlxalq yarışlarda iştirak edərək 20 qızıl, 13 gümüş, 19 bürünc medala layiq görülmüşlər.
Kollegiya iclasına yekun vuran nazir Əli Abbasov əmin olduğunu bildirmişdir ki, rabitəçilər ölkəmizin Prezidentinin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəklər.
Müzakirə olunan məsələ barəsində müvafiq qərar qəbul olunmuşdur.