ROMADA AVROPA KONSTİTUSİYASININ İMZALANMASI MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bethovenin musiqisinin sədaları altında açılan mərasimdə İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni, İrlandiya və Niderlandın baş nazirləri Berti Aherni və Yan Peter Balkenend çıxış edərək, Ümumavropa Konstitusiyasının əhəmiyyətindən, onun Birliyin üzvü olan dövlətlər arasında hərtərəfli əlaqələr yaradılmasındakı rolundan danışmış, bu ölkələrin vətəndaşlarını Avropanın tarixində ilk Konstitusiyanı ratifikasiya etməyə çağırmışlar.
Sonra 25 ölkənin başçısı Konstitusiyaya imza atmışdır.
Mərasimdə Avropa Şurasının baş katibi Terri Devisin, Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şiderin və Nazirlər Komitəsinin sədri, Norveçin xarici işlər naziri Yan Petersenin imzaladıqları təbrik məktubu oxunmuşdur. Məktubda bu tarixi hadisə “Avropanın inteqrasiyası prosesində mühüm dövr” adlandırılmışdır.
Fransa ilə Böyük Britaniyanın prezidenti Jak Şirak və Toni Bleyer ölkələrində Konstitusiyanın ratifikasiyası ilə bağlı referendum keçiriləcəyini bildirmişlər.
Mərasimdə Avropa Birliyinə namizəd ölkələrin - Türkiyə, Bolqarıstan, Rumıniya və Xorvatiyanın rəhbərləri iştirak etmişlər.
Xatırladaq ki, 47 il bundan əvvəl - 1957-ci il martın 25-də məhz Kapitolidə Avropa Komissiyasının əsası qoyulmuş və Fransa, Almaniya, İtaliya, Belçika, Niderland və Lüksemburqun dövlət başçıları həmin sənədi imzalamışlar.