RUS PRAVOSLAV KİLSƏSİNİN BAKI VƏ XƏZƏRYANI YEPARXİYASININ BAŞÇISI ALEKSANDR ATANIN ÇIXIŞI
- Ali həzrətləri, möhtərəm cənab Prezident,
Çox hörmətli cənab şeyxülislam,
Çox hörmətli Semyon Borisoviç,
Din xadimləri, hörmətli iştirakçılar!
Hazırda cəmiyyətin həyatında din amili məsələsi beynəlxalq birlikdə kəskin şəkildə qarşıda durur. Bu baxımdan Azərbaycan çox parlaq və özünəməxsus bir model yaratmışdır. Bu model əyani şəkildə təsdiq edir ki, dinlər insanları birləşdirməyə və cəmiyyətin həyatında güclü sabitləşdirici amilə çevrilməyə qabildir.
Bizim bugünkü təntənəli iftar da bunun məhz belə olmasına əyani sübutdur. Biz bu evdə ilk dəfə toplaşmamışıq, cənab Prezidentin iştirakı ilə hər dəfə əhatə dairəmiz get-gedə genişlənir. Bu da ənənəvi dinlərin birləşdirici rolunun təsdiqidir.
Azərbaycanın ümummilli lideri mərhum Heydər Əliyev dini həyatın müsbət amil olmasını çox aydın dərk edir və 1990-cı illərin böhranlı problemlərinin həlli üçün bu amildən çox fəal istifadə edirdi. Bu gün biz görürük ki, Azərbaycanın gələcəyi üçün əsası Heydər Əliyev tərəfindən qoyulmuş ideyalar özünü doğruldur. Bu gün Azərbaycanda və ölkəmizin paytaxtı Bakı şəhərində, rayonlarda baş verənlər - əlbəttə, respublikada nələr baş verdiyini biz çox yaxşı bilirik - Heydər Əliyev ideyalarının gerçəkləşməsidir. Bu ideyalar öz müsbət nəticələrini verir və siz də, biz də öz həyatımızda bu nəticələrdən bəhrələnə bilirik.
Mən cənab Prezidentə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, o, öz atası və ümummilli lider Heydər Əliyevin yolunu davam etdirir və Azərbaycanda dini həyat səviyyəsi əvvəlki kimi yüksəkdir. Din xadimlərinin Azərbaycana müntəzəm səfərləri də, yeni dini obyektlərin açılması da və nəhayət, ənənəvi dinlərin nəinki dinc yanaşı mövcud ola bilməsi, həm də cəmiyyətin rifahı və inkişafı naminə çox fəal və faydalı qarşılıqlı fəaliyyətdə ola bilməsi baxımından Azərbaycanın dünya birliyi üçün nümunəyə çevrilməsi bunu təsdiqləyir.
Azərbaycana sülh və tərəqqi arzularımı bildirmək istəyirəm. Qoy, müsəlmanların müqəddəs Ramazan ayı bir daha hər bir dindar insanın yer üzündə nə üçün yaşadığını, Ulu Tanrının onu nəyə çağırdığını, cəmiyyətin inkişafına öz imkanı daxilində töhfə vermək üçün nə edə biləcəyini dərk etdiyi mərhələ olsun.
Sizin hamınıza Allahdan kömək, cənab Prezidentə isə onun nəcib və səmərəli fəaliyyətində uğurlar diləyirəm.