Saamilər günü Murmanskda həmişə böyük bayram kimi qeyd olunur
Bakı, 14 fevral (AZƏRTAC). Ənənəyə görə, hər il Murmanskda Beynəlxalq Saamilər Gününə həsr olunmuş silsilə bayram tədbirləri keçirilir.
Vilayət Dumasının təhsil, elm və mədəniyyət komitəsinin sədri Nataliya Vedişşeva, Rusiya Federasiyasının Murmansk Vilayəti İctimai Palatasının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk Regional Şöbəsinin sədri Afil Hüseynov və digər milli diasporların rəhbərləri azsaylı saami xalqının tanınmış ictimai xadimi Nina Afanasyevanın 75 illiyinə həsr olunmuş gecədə iştirak etmişlər.
Nataliya Vedişşeva qeyd etmişdir ki, Nina Afanasyeva saami dilinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çox kömək göstərir. Onun tərcümeyi-halı optimizm, tükənməz həyat qüvvəsi ehtiyatı və çox böyük mənəvi potensialın bariz nümunəsidir. O, özünün bu keyfiyyətlərini insanlarla həvəslə bölüşür.
Rusiya Federasiyası Murmansk vilayətinin qubernatoru yanında Millətlərə dair İşlər üzrə Məsləhət Şurasının üzvü Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, Rusiya Federasiyasının Murmansk vilayətində təqribən 120 xalqın nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Onlar bütün bayramları və tədbirləri böyük bir ailənin üzvləri kimi birlikdə qeyd edirlər.
ÜAK-ın Murmansk Regional Şöbəsinin sədri Afil Hüseynov həmvətənləri adından Nina Afanasyevaya gül dəstəsi və Bakı haqqında nəşrlər, Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun rəsmlərindən ibarət albom və digər hədiyyələr vermişdir.