Şahbuzda qurulan qapalı suvarma şəbəkəsi rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq
Şahbuz, 14 oktyabr, AZƏRTAC
Şahbuz rayonunda yeni qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi daha geniş ərazilərin əkin dövriyyəsinə qatılmasına şərait yaradıb. Bu isə sakinlərin təsərrüfat işlərindən əldə edəcəkləri gəlirləri artırır, ərzaq təhlükəsizliyinə öz töhfəsini verir, rayonun iqtisadi inkişafına öz töhfəsini verir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonda ötən il Türkeş və Sələsüz kəndlərində 343 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsi qurulub. Bu il isə Sələsüz və Mərəlik kəndlərində 198, Türkeş kəndində isə 77 hektar olmaqla, ümumilikdə, 275 hektar sahədə suvarma şəbəkəsi qurularaq torpaq mülkiyyətçilərinin istifadəsinə verilib.
Qeyd edək ki, Sələsüz, Türkeş və Mərəlik kənd sakinlərinin əsas məşğuliyyət sahəsi əkinçilik və heyvandarlıqdır. Kəndlərdə yeni qapalı suvarma şəbəkələrinin qurulması əkinçiliyin inkişafına səbəb olub. Bu da sakinlər tərəfindən razılıqla qarşılanır.