Şahdağ qış-yay turizm kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılır
Qusar, 4 iyul (AZƏRTAC). Tikintisi dörd mərhələdə aparılacaq Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi üzrə tikinti işləri tamamlanmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bu mərhələyə ilk növbədə infrastrukturun qurulması, yəni qaz, elektrik, su, rabitə sistemlərinin və 32 kilometrlik yolun tikintisi daxildir. Birinci mərhələyə dördulduzlu otelin və digər xidmətləri olan lift bazasının, kanat yollarının inşası nəzərdə tutulmuşdur.
Turistlərin xizək enişinə çatdırılması üçün kanat yolların inşası davam etdirilir. Artıq 2, 3, 4, 8 və 9 nömrəli liftlərin quraşdırılması başa çatmışdır. Hazırda 7 nömrəli liftin tikintisi üzrə işlər aparılır.
Kompleksin ərazisində daxili yollar tikilmiş, dağ çayları üstündən körpülər salınmışdır. Turizm kompleksini Qusar rayon mərkəzi ilə birləşdirən 32 kilometrlik avtomobil yolunun tikintisi davam etdirilir. Yolun keyfiyyəti beynəlxalq standartlara uyğun olaraq avtomobil nəqliyyatının maneəsiz və təhlükəsiz hərəkətini təmin edəcəkdir.
Kompleksin qazlaşdırılması məqsədi ilə qaz kəməri çəkilmiş, obyektin istismara qəbul üzrə işçi komissiyası yaradılmışdır. Mehmanxana kompleksinin kanalizasiya sisteminin tikintisi də tamamlanmışdır. Hazırda içməli su təminatı sistemində işlər davam etdirilir.
Layihənin növbəti mərhələlərində yeni xizək yollarının salınması və yaşayış zonasının genişləndirilməsi nəzərdə tutulmuşdur.