Sankt-Peterburq qubernatoru Bakı Kafedral kilsəsini ziyarət edib
Bakı, 5 aprel, AZƏRTAC
Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov “Müqəddəs Jen-Mironosits” rus pravoslav Kafedral kilsəsini ziyarət edib.
AZƏRTAC “pravoslavie.az” saytına istinadla xəbər verir ki, yüksək qonağı kilsənin qarşısında Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin katibi Dionisi Sveçnikov qarşılayıb. O, yeparxiyanın əsas kilsəsinin tarixi və müqəddəs rəmzləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə burada aparılan təmir-bərpa işləri barədə qonağa məlumat verib. Aleksandr Beqlov Yeparxiya muzeyinin ekspozisiyası və Bakı Yeparxiyası Dini-Mədəni Mərkəzinin kitabxanası ilə tanış olub.
Sankt-Peterburq qubernatoru öz ziyarəti ilə bağlı xatirə olaraq Kafedral kilsəyə İsanın dirilməsi və İsanın çarmıxa çəkilməsi səhnələrini əks etdirən ikonalar, habelə yevxaristik qablar – qədəh və paten hədiyyə edib. Yeparxiya kitabxanasında olan Pravoslav ensiklopediyasının 14 cildi də tamamlanıb. Sankt-Peterburqun Azərbaycan diasporunun üzvləri kilsəyə müqəddəs Məryəmin İversk ikonasının surətini təqdim ediblər.