SƏBAİL RAYONUNUN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI ANIM TƏDBİRLƏRİ KEÇİRİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 18-ci ildönümü Səbail rayonunun təhsil müəssisələrində geniş qeyd olunmuşdur.
Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun ali və orta məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilmiş, fevralın 26-da rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı faciəsinə həsr olunmuşdur.
Azərbaycanın Milli Qəhrəmanı Eldar Məmmədov adına 189 nömrəli orta məktəbin kollektivi tərəfindən də Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə Səbail rayonu İcra hakimiyyətinin başçısı Asif Əsgərov, İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl, eləcə də Bolqarıstan, Yaponiya, Gürcüstan, Hindistan, İtaliya, Türkiyə və Rusiyanın ölkəmizdəki səfirliklərinin təmsilçiləri, bir sıra dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbirdə faciənin dəhşətlərini əks etdirən film nümayiş etdirilmiş, şagirdlərin ifasında Azərbaycan, rus və ingilis dillərində ədəbi-bədii kompozisiya səsləndirilmişdir.
Sonda məktəb kollektivi adından Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevaya müraciət qəbul olunmuşdur.
Azərbaycan tarixində qanlı iz buraxan Xocalı soyqırımı Bakı Oksford məktəbində də qeyd olunmuşdur.
Əvvəlcə məktəbin şagirdləri “Ana harayı” abidəsini ziyarət etmiş, abidə önünə tər çiçəklər düzmüşlər. Sonra məktəbin akt zalında anım mərasimi keçirilmişdir.
Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sukutla yad edilməsindən sonra çıxış edənlər Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi olduğunu vurğulamışlar. Tədbirdə şagirdlərin ifasında faciənin dəhşətlərinə həsr olunmuş “Xocalı” tamaşası təqdim olunmuşdur.
######
