Şəhid tank komandirinin xatirəsi təhsil aldığı universitetdə anılıb
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də Azərbaycan Texniki Universitetində Birinci Qarabağ müharibəsinin şəhid tank komandiri, Milli Qəhrəman Şövqiyar Abdullayevin anadan olmasının 55-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin şəhidin vaxtilə təhsil aldığı müəllim və tələbə heyəti, Milli qəhrəmanın ailə üzvləri, yaxınları, döyüş yoldaşları, veteranlar iştirak ediblər.
Əvvəlcə universitetin ərazisində məzun şəhidlərin xatirəsinə yaradılmış abidə ziyarət olunub. Sonra hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsi dərin ehtiramla anılıb.
Birinci və İkinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, atəşkəs dövründə şəhid olan universitetin məzunları haqqında məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Veteran Tankçılar İctimai Birliyinin sədri, Səbail tank batalyonunun keçmiş komandiri Hacı Əzimov Şövqiyar Abdullayevin keçdiyi şərəfli ömür və döyüş yolundan danışıb.
“Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğulların qəhrəmanlığından bəhs edib, tankçı Şövqiyar Abdullayevin mübarizlik keyfiyyətindən, Vətən torpaqlarının müdafiəsi uğrunda göstərdiyi fədakarlıqdan bəhs edib.
Milli Qəhrəmanın döyüş yoldaşları onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Qeyd edək ki, Şovqiyar Abdullayev 1969-cu il aprelin 5-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində müəllim ailəsində anadan olub. 1986-cı ildə orta məktəbi əla qiymətlərlə başa vuraraq Azərbaycan Texniki Universitetinə daxil olub.1992-ci ilin əvvəllərində ali təhsilini yarımçıq qoyaraq, könüllü şəkildə cəbhəyə yollanaraq Milli Ordu sıralarına yazılıb. Azərbaycan Silahlı Qüvvələrinin ilk tank komandirlərindən biri olan Ş.Abdullayev Ağdamın Papravənd, Pircamal, Aranzəmin, Abdal-Gülablı kəndləri, Ağdərənin Sərsəng su anbarı istiqamətində Dranbon kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il avqustun 27-də Ağdərə-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.
O, Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.
Paytaxt küçələrindən biri şəhidin adını daşıyır.