CƏMİYYƏT
Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən müəssisələrdə görüş keçirilib
Bakı, 13 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən müəssisələrdə olub və işəgötürənlərlə əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a məlumat veriblər.
Agentlik sədri əvvəlcə Balakəndə fəaliyyət göstərən “Balacans” MMC, “Balacans Agro Food” MMC, “Caucasus Energy” MMC şirkətlərinin istehsal müəssisələrində olub. Ümumilikdə 87 nəfər işçisi olan bu müəssisələrdə 16 nəfər məhz Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında işlə təmin olunub. Bundan əlavə “Balacans Agro Food” MMC ilə əməkdaşlıq çərçivəsində 20 nəfərdən ibarət peşə hazırlığı kursu təşkil edilib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri daha sonra Şəkidə fəaliyyət göstərən və regionun ən böyük işəgötürənlərindən olan “Şəki Şərab” MMC və “Azabrau” MMC şirkətlərinin istehsal müəssisələrinə baş çəkib. Həmin müəssisələrdə ümumilikdə 137 nəfər çalışır və onların 96 nəfəri Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında işlə təmin olunub. Bundan əlavə “Şəki Şərab” MMC ilə əməkhaqqının birgə maliyyələşməsi proqramı üzrə əməkdaşlıq edilir.
Görüşlər zamanı işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri, rəqəmsal layihələri, işəgötürənlərə dəstək proqramları barədə məlumat verilib, gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.