Şəmkirdə valyutadəyişmə məntəqəsində partlayış zamanı 2 nəfər yaralanıb - YENİLƏNİB
Gəncə, 5 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlaması nəticəsində 2 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, ilkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus “VAZ 2107” markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verdiyi məlum olub.
Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
18:34
Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində partlayış baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib.
Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.