Sentyabr ayında 58 şəhər və rayonun əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib
Bakı, 15 oktyabr, AZƏRTAC
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin sentyabr ayı ərzində 58 şəhər və rayonda 394 min 63 vətəndaşa 1 milyon 744 min 700 tibbi xidmət göstərilib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 624 min 722 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 575 min 587-si ambulator, 169 min 113-ü isə stasionar şəraitdə göstərilib.
Cari ilin sentyabr ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:
Əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir şəhəri (458), Yevlax rayonu (210), Şirvan şəhəri (194), Beyləqan (186), Göygöl (182), Qəbələ (181) rayonları, Gəncə şəhəri (180), Ağdaş (171), Xaçmaz (165) və Ucar (162) rayonları.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası (133 min 810), Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (131 min 128), Xaçmaz (94 min 75), Yevlax (76 min 698), Quba (72 min 766), Şəki (71 min 209), Bərdə (70 min 193), Ağdaş (51 min 843), İsmayıllı (51 min 639), və Astara (51 min 506) rayon mərkəzi xəstəxanaları.
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Xaçmaz, Yevlax, Şəki, Bərdə, Quba, Astara, İsmayıllı və Ucar rayon mərkəzi xəstəxanaları.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ağdaş və Quba rayon mərkəzi xəstəxanaları, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Qusar rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Göyçay, Şəki və Bərdə rayon mərkəzi xəstəxanaları.
Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs sistemi xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə zədələr və zəhərlənmələr ilə bağlı olub.
2021-ci ilin sentyabr ayında 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq belədir: Bərdə-Yevlax TƏB (336 min 7), Şəki-Zaqatala TƏB (256 min 731), Quba-Xaçmaz TƏB (251 min 28), Gəncə TƏB (229 min 147), Göyçay-Kürdəmir TƏB (133 min 930), Ağdam-Ağcabədi TƏB (126 min 597), Dağlıq Şirvan TƏB (125 min 928), Şəmkir-Tovuz TƏB (96 min 953), Lənkəran TƏB (91 min 641), İmişli-Sabirabad TƏB (64 min 581) və Cəlilabad-Salyan TƏB (32 min 157).
Məlumata əsasən, 2020-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən, icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.
Qeyd edək ki, bütün ölkə üzrə sentyabr ayı ərzində 615 min 289 nəfərə 995 min 667 müraciət üzrə 2 milyon 586 min 220 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2 milyon 211 min 137-si ambulator, 375 min 83-ü isə stasionar şəraitdə göstərilib.
Cari ilin yanvar-sentyabr ayları ərzində isə bütün ölkə üzrə 3 milyon 189 min 704 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 15 milyon 793 min 776 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 12 milyon 477 min 83-ü (79 faiz) 18 yaşdan yuxarı, 3 milyon 316 min 693-ü (21 faiz) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
Bundan başqa hesabat dövründə 58 şəhər və rayon üzrə 2 milyon 200 min 61 vətəndaşa 5 milyon 157 min 266 müraciət üzrə 11 milyon 721 min 223 tibbi xidmət göstərilib.