Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyində ilk gününün nəticələri məlum olub
Bakı, 18 fevral, Samirə Allahverdiyeva, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinin ilk günündə 163 idmançı mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1996-1998-ci il təvəllüdlü idmançıların iştirak etdikləri birinciliyin ilk günündə sərbəst güləşçilər güclərini sınayıblar.
Yarışın nəticələrinə görə Əlabbas Rzazadə (50 kq), Əfqan Xaşalov (55 kq), Məhəmməd Abdullayev (60 kq), Adam Batayev (66 kq), Əhməd Usmanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Maqomed Qazımaqomedov (96 kq) və Məhəmməd İsrafilov (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutmuş idmançılar medal və diplomlarla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə təltif ediliblər. Fəxri kürsüdə yer alan idmançılar, həmçinin yığma komandanın heyətinə cəlb olunublar.