SİYASƏT
Sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın dövlət suverenliyi üçün zəruri şərtdir
Bakı, 23 aprel, AZƏRTAC
Bu məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır. Eyni zamanda, aprelin 22-də Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Azərbaycan ərazisinə keçirilməsi və Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi infrastruktur qurmaq fəaliyyəti bu qərarın sürətləndirməsini şərtləndirən amillərdən olub.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar 23 aprel tarixli bəyanatına dair şərhində yer alıb. Vurğulanıb ki, Üçtərəfli Bəyanatın əhatə dairəsindən kənar olan sərhəd təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir.