Səudiyyə Ərəbistanının “Əl-Cəzira” qəzeti Azərbaycan səfirinin məqaləsini dərc edib
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayevin bu ölkənin “Əl-Cəzira” qəzetində dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsində ümummilli lider Heydər Əliyevin rolu ilə bağlı məqaləsi dərc olunub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalədə 23 il əvvəl məhz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dekabrın 31-ni ilk dəfə dünya azərbaycanlılarının həmrəylik və milli birlik bayramı elan etdiyi, sonra isə Azərbaycan xalqının bu tarixi dünya azərbaycanlıları üçün milli bayrama çevirdiyi qeyd olunub. Bildirilib ki, Heydər Əliyev bütün dünyada azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin güclənməsi, onların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsi üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Yazıda Ulu Öndərin dünya azərbaycanlılarının milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmaların mütəşəkkilliyinin artmasına, onların tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə güclü təkan verdiyi bildirilib.
Məqalədə, həmçinin Azərbaycanın İslam dünyası ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində Heydər Əliyevin gördüyü işlər barədə məlumatlar da öz əksini tapıb.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin yaradılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunun vurğulandığı məqalədə 1994-cü ildə Ulu Öndərin Səudiyyə Ərəbistanına səfəri zamanı Kral Fəhd Əbdüləziz Al Səud ilə görüşü, müqəddəs Kəbəni, Peyğəmbər məscidini ziyarət etməsi və ziyarətdən sonra söylədiyi ürək sözləri, iki ölkə arasında imzalanmış Baş Saziş ilə ölkələrimiz arasında dostluq əlaqələrinin təməlinin qoyulması barədə məlumatlar da yer alır. Bundan başqa, 1997-ci ildə İslam Konfransı Təşkilatının zirvə görüşü çərçivəsində hazırkı Kral Abdullah bin Əbdüləziz Al Səud ilə ulu öndər Heydər Əliyevin görüşü nəticəsində əlaqələrimizin genişləndirildiyi, xalqlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirildiyi diqqətə çatdırılıb.