Sevastopolda Rusiya İmperiyası Donanmasını yaratmış azərbaycanlı Avrami Boqdanoviç Aslanbeqovun xatirəsinin əbədiləşdirilməsi planlaşdırılır
Bakı, 17 dekabr (AZƏRTAC). Krımın Azərbaycanlılar İcması Rusiya Donanmasının Azərbaycan mənşəli vitse-admiralı, Krım müharibəsi dövründə Sevastopolun müdafiəsinin fəal iştirakçısı, İmperator Rus Coğrafiya Cəmiyyətinin həqiqi üzvü olmuş, bu şəhər üçün çox faydalı və əhəmiyyətli işlər görmüş Avrami Boqdanoviç Aslanbeqovun (İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun) xatirəsinin əbədiləşdirilməsi barədə Sevastopol (Ukrayna) şəhəri administrasiyası qarşısında vəsatət qaldırmaq niyyətindədir.
Bu barədə AZƏRTAC-a Krımın Azərbaycanlılar İcmasının rəhbəri Rəhim Hümbətov məlumat vermişdir.
Rusiya hərbi dəniz xadimi, tarixçi, vitse-admiral (1887) İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov 1822-ci ildə Bakıda anadan olmuşdur. 1837-ci ildə Dəniz Korpusunu bitirmiş, onun soyadı “qızıl lövhə”yə yazılmışdır. Baltik Donanmasında xidmət etmişdir. 1842-ci ildə Dəniz Korpusunun Zabitlik Sinfini bitirəndən sonra Qara dəniz Donanmasında xidmət etmişdir. Krım müharibəsi dövründə Aslanbəyov “Pospeşnıy” tenderinin (1853) və “Elbrus” paroxod freqatının (1854-cü ildən), bu freqat Sevastopol buxtasında batırıldıqdan sonra quru müdafiə sahəsinin və desant gəmi toplarından ibarət səyyar batareyanın komandiri olmuşdur. 1858-1864-cü illərdə 1-ci Qara dəniz donanmasında onun komandir olduğu “Sokol” vintli korveti Qara dənizdə və Aralıq dənizi sularında üzmüşdür. 1856-1871-ci illərdə Baltik dənizində “Retvizan” xətt gəmisinin komandiri olmuşdur. 1872-ci ildə I Pyotrun 200 illiyi bayram edilən dövrdə Aslanbeqov I Pyotrun Moskvaya, Ümumrusiya Politexnik sərgisinə göndərilən gəmisini müşayiət etmiş və onun Moskva çayında üzməsi mərasimində iştirak etmişdir. 1879-1882-ci illərdə dünya səyahətinə çıxmış Sakit okean eskadrasının (“Minin”, “Knyaz Pojarskiy”, “Edinburq hersoqu”, “Asiya” və “Afrika” zirehli kreyserləri) komandiri, Sevastopolun müdafiəsi muzeyinin təşkilat komitəsinin üzvü olmuşdur.
Aslanbəyov həm də Sevastopolun müdafiəsinin qəhrəmanlarından admiral P.S.Naximov (1868), A.S.Qreyq (1873) və başqalarının bioqrafı kimi tanınmışdır. Saxalin adasında bir yarımadaya və Oxot dənizində bir boğaza onun adı verilmişdir.
Aslanbəyov okean tipli sürətli kreyserlərdən ibarət “uçan eskadralar” yaradılması təşəbbüsünü irəli sürmüş, sonrakı layihələrdə nəzərə alınmaq üçün kreyser tipli gəmilərə təqdim olunan taktiki-texniki tələblərin siyahısını hazırlamışdır.
Vitse-admiral Aslanbəyov 1900-cü ildə vəfat etmiş, Sankt-Peterburqda dəfn olunmuşdur.
Rəhim Hümbətov demişdir: “Sevastopol öz qəhrəmanlarını həmişə ehtiramla yad edir. Lakin çox təəssüf ki, bu adlı-sanlı donanma sərkərdəsinin xatirəsi indiyə qədər əbədiləşdirilməmişdir. Ona görə də biz Sevastopol hökuməti qarşısında belə bir təşəbbüslə çıxış etməyi qərara aldıq. Bundan əlavə, yaxın vaxtlarda bu əfsanəvi azərbaycanlıya həsr edilmiş kitab çapdan çıxacaqdır.