“Silk Way West Airlines” və “Boeing”in nümayəndələri müzakirələr aparıblar
Vaşinqton, 1 iyul, AZƏRTAC
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Azərbaycanın “Silk Way West Airlines” hava daşıyıcısı və “Boeing” şirkətinin birgə onlayn brifinqi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Silk Way West Airlines”in donanmasına “Boeing” şirkətinin yeni “777” hava daşıyıcılarının əlavə olunması və bunun regional hava yük daşımalarına təsiri mövzusuna həsr olunmuş brifinqdə “Silk Way West Airlines”in MDB ölkələri və Mərkəzi Asiya üzrə vitse-prezidenti Vüqar Məmmədov, Asiya-Sakit Okean regionu üzrə vitse-prezidenti Ceni Zao, “Boeing” şirkətinin Rusiya və MDB regionu üzrə marketinq və satışlar üzrə vitse-prezidenti Monte Freyzer və hava daşıyıcıları bazarlarının təhlili üzrə regional direktoru Tomas Krəbtri çıxış ediblər.
V.Məmmədov təmsil etdiyi şirkətin donanmasına yeni təyyarələrin əlavə edilməsinin “Silk Way West”in daşıma imkanlarını artıracağını və bunun da öz növbəsində, yeni uçuş xətlərinin açılmasına imkan yaradacağını bildirib. C.Zao “Silk Way West”in pandemiyanın yaratmış olduğu məhdudiyyətlərə baxmayaraq, təmsil etdiyi şirkətin ötən dövrdə bir sıra, o cümlədən Yaponiyaya yeni daşıma xətlərinin açılmasına nail olduğunu vurğulayıb. O, eyni zamanda, “Silk Way West”in Koreya Respublikasının İnçon hava limanının “2020-ci ilin Hava Yük Daşıyıcısı” mükafatına layiq görüldüyünü bildirib.
Daha sonra “Boeing”in nümayəndəsi M.Freyzer şirkətin Azərbaycanla son 30 il ərzində əməkdaşlığından söz açıb. O, dünya ÜDM-nin 60 faizinin Asiya-Avropa regionunda təmərküzləşdiyini bildirərək Azərbaycanın təbii nəqliyyat qovşağı kimi bu imkanlardan yararlana biləcəyini vurğulayıb.
“Boeing” şirkətinin mütəxəssisi T.Krəbtri hava yük daşıyıcılarına ehtiyacın artdığını deyib. Onun sözlərinə görə, 2039-cu ilə qədər dünya üzrə yük daşıyıcıları donanmasının 60 faizədək artacağı gözlənilir. “Silk Way West”in həm donanmasının genişlənməsini, həm də şirkətin yeni bazarlara uğurla çıxdığını təqdir edən “Boeing”in rəsmisi Azərbaycan şirkətinin bundan sonra da əsas bazarlarda ticarəti təşviq edəcəyini gözlədiyini bildirib.
Tədbir qısa sual və cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, USACC tərəfindən sözügedən brifinqin təşkil edilməsinin əsas məqsədi Azərbaycanın hava yük daşımalarında mövqeyinin və imkanlarının müzakirə edilməsi və tanıtdırılması olub.
AZƏRTAC-ın Vaşinqton bürosu